Türkiyədə körpələrin qarışması 17 il sonra üzə ÇIXDI

 21:35 08.07.2025     75

Türkiyənin Diyarbəkır vilayətində 18 yaşlı gəncin qan qrupunun valideynlərinin qan qrupu ilə uyğun gəlməməsi nəticəsində, doğum zamanı körpələrin qarışdığı müəyyən olunub. Hadisə, ailənin DNT testi aparması ilə ortaya çıxıb.

Redaktor.az xəbər verir ki, M.A. və Z.A. cütlüyünün üçüncü övladı 23 may 2007-ci ildə bir xəstəxanada dünyaya gəlib. Körpə inkişafını tamamlaması üçün bir müddət küvezdə saxlanılıb və daha sonra ailəyə təhvil verilib.

Ötən il ailə üzvləri arasında qan qrupu ilə bağlı aparılan söhbət zamanı 18 yaşlı gəncin A Rh pozitiv qan qrupuna sahib olduğu, anasının 0 Rh pozitiv, atasının isə 0 Rh neqativ qan qrupuna malik olduğu məlum olub. Qan qrupu uyğun gəlmədiyi üçün ailə şübhələnərək özəl bir mərkəzdə DNT testi etdirib.

Testin nəticəsində "anlıq və atalıq ehtimalı sıfırdır" qeyd olunaraq, uşaqla valideynlər arasında bioloji bağlılığın olmadığı sübut edilib.

Hadisə ilə bağlı ailə vəkilləri vasitəsilə Diyarbəkır Cumhuriyyət Baş Prokurorluğuna müraciət edib və məsələ üzrə cinayət işi açılıb.

Aparılan istintaq çərçivəsində Adli Tibb Qurumu tərəfindən hazırlanmış rəyə əsasən, ailənin bioloji valideyn olmadığı təsdiqlənib. Doğumun baş verdiyi gün uşağın qan qrupunun 0 Rh pozitiv olduğu, altı gün sonra isə səhvən A Rh pozitiv kimi qeyd olunduğu da araşdırma zamanı ortaya çıxıb.

Kənan YUSİF