Danimarka süni intellektlə yaradılan saxta üzlərə müəllif hüququ tətbiq edir

 09:38 09.07.2025     71

Danimarka hökuməti süni intellekt vasitəsilə yaradılan "deepfake" (realist rəqəmsal təqlid) məzmunların yayılmasının qarşısını almaq məqsədilə müəllif hüquqları qanunvericiliyində mühüm dəyişikliklər etməyə hazırlaşır.

Redaktor.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Məlumta görə, yeni qanun layihəsi, fərdlərin üz cizgiləri, bədən forması və səs xüsusiyyətləri üzərində hüquqlarını qanuni şəkildə qorumağa yönəlib.

Danimarkanın Mədəniyyət Naziri Yakob Engel-Şmidt bildirib ki, qanun layihəsi parlamentə təqdim olunmazdan əvvəl ictimaiyyətin rəyi ilə müzakirəyə çıxarılacaq. Nazir vurğulayıb: “İnsanlar artıq rəqəmsal surətlərə çevrilib, istismar edilə bilər. Bu vəziyyətə göz yuma bilmərik”. Onun sözlərinə görə, layihə artıq parlamentdə doqquz deputatdan onunun dəstəyini qazanıb.

Qanun layihəsinə əsasən, hər bir vətəndaş onun izni olmadan yaradılan və paylaşılmış rəqəmsal təqlidlərin internetdən silinməsini tələb etmək hüququna malik olacaq. Bu qoruma, artistlərin və ifaçıların performanslarının rəqəmsal təqlidlərini də əhatə edir. Qanun pozuntusu halında zərərçəkmişlərə təzminat ödənilməsi də nəzərdə tutulur.

Danimarka hökuməti qeyd edir ki, yeni qanun ifadə azadlığını məhdudlaşdırmayacaq. Parodiya və satira məzmunları bu qanun çərçivəsinə daxil edilməyəcək. Lakin platformalar qanunun tələblərinə əməl etmədikdə, onlara qarşı ciddi maliyyə sanksiyaları tətbiq oluna bilər.

Engel-Şmidt bu təşəbbüsün Avropa miqyasında nümunə olacağına ümid etdiyini bildirib. Danimarka, qarşıdan gələn Avropa Birliyi dövrü sədrliyi zamanı bu qanun layihəsini digər üzv ölkələrə təqdim etməyi planlaşdırır. Nazir əlavə edib: “Əgər platformalar yeni qaydalara əməl etməzsə, məsələ Avropa Komissiyasına çıxarıla bilər. Bu səbəbdən qanunun ciddi qəbul ediləcəyinə əminik”.

Nuriyyə NATİQQIZI