Cənubi Koreyada ölümcül istilər 7 nəfərin həyatına SON QOYUB

Cənubi Koreyada may ayının ortalarından etibarən hökm sürən ekstremal hava şəraiti ölkə üzrə insan həyatı üçün təhlükəli hal alıb.
Redaktor.az "Yonhap" xəbər agentliyinə istinadla xəbər verir ki, 15 may tarixindən bu günə qədər 7 nəfər günvurma səbəbilə həyatını itirib.
Cənubi Koreya Xəstəliklərə Nəzarət və Profilaktika Agentliyinin (KDCA) açıqlamasında bildirilir ki, 15 maydan bu yana 1228 nəfər günvurma şikayəti ilə xəstəxanalara müraciət edib. Təkcə dünən 238 nəfər yüksək temperatur səbəbilə təcili yardım şöbələrinə yerləşdirilib.
Məlumata görə, bu il istilərlə bağlı ölüm hallarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artıb. 2024-cü ilin müvafiq dövründə 3 nəfər isti səbəbilə həyatını itirmişdi.
Ölkənin bəzi şəhərlərində havanın temperaturu kritik həddə çatıb. Paju şəhərində 40,1 dərəcə, Gwangmyeong şəhərində isə 40,2 dərəcə istilik qeydə alınıb.
Nuriyyə NATİQQIZI