Aİ və Ermənistan Rusiya qarşı razılığa gəldi

Avropa İttifaqı (Aİ) və Ermənistan Ukraynada müharibə səbəbindən Rusiyanın sanksiyalardan yan keçməsinin qarşısını almaq üçün birgə fəaliyyətlərini davam etdirəcəklər.
Redaktor.az xəbər verir ki, bu barədə Brüsseldə Avropa İttifaqı Şurasının sədri Antonio Koşta, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında danışıqların yekunlarına dair birgə bəyanatda deyilir.
Tərəflər bu məsələdə sıx əməkdaşlığı və birgə səyləri davam etdirməyə razılaşıblar.
Bəyanatda bildirilib ki, görüşdə, həmçinin viza rejiminin liberallaşdırılması prosesində irəliləyiş qeyd edilib və Ermənistanda qəbul edilmiş "Avropa inteqrasiyası prosesinin başlanması haqqında" qanuna dəstək ifadə olunub.
“Aİ maliyyə və texniki yardım vasitəsilə Ermənistanın dayanıqlılığına və uzunmüddətli inkişafına dəstək göstərməklə bağlı öhdəliyini təsdiqləyib. “Global Gateway” strategiyası çərçivəsində Aİ-nin Ermənistana investisiyalarının 2,5 milyard avroya çatacağı və inklüziv artıma, əlaqələrə töhfə verəcəyi gözlənilir", - mətndə qeyd olunub.
Aİ, həmçinin Azərbaycanla sülh danışıqları və Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində atılan addımları alqışlayıb. Liderlər Ermənistanın Avropa İttifaqının regional və iqtisadi təşəbbüslərinə daxil edilməsi imkanının vacibliyini vurğulayıblar (Report).