Zelenski Trampa Ukrayna ilə bağlı qərarına görə təşəkkür ETDİ

 16:53 14.07.2025     91

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin Ukrayna və Rusiya məsələləri üzrə xüsusi elçisi Kit Kelloq ilə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Zelenski ABŞ Prezidenti Donald Trampa dəstək mesajlarına və Kiyevə silah tədarükünün bərpası ilə bağlı qərarlara görə təşəkkür edib.

Qeyd olunub ki, danışıqlar məhsuldar olub və Rusiya-Ukrayna münaqişəsinin təhlükəsizlik və sülh yolu ilə həlli ilə bağlı əsas məsələlərə toxunub.

Prezident Ukraynanın münaqişənin həllində "ABŞ-nin lider roluna" ümid etdiyini vurğulayıb. Tərəflər həmçinin Rusiya və onun müttəfiqlərinə qarşı sanksiyaların gücləndirilməsini müzakirə ediblər.

Görüşün sonunda Zelenski Kelloqa səfəri üçün təşəkkür edib, həmçinin Donald Trampa "dəstək mesajlarına və Ukraynaya silah tədarükünün bərpası ilə bağlı müsbət qərarlara görə" minnətdarlığını bildirib.

"Sülhə gedən yolu və onu yaxınlaşdırmaq üçün birlikdə praktiki olaraq nə edə biləcəyimizi müzakirə etdik. Bu, Ukrayna üçün hava hücumundan müdafiə sisteminin gücləndirilməsi, Avropa ilə birlikdə müdafiə silahlarının birgə istehsalı və alınmasıdır", - deyə Zelenski danışıqların nəticələrinə dair öz teleqram kanalında yazıb.

Vumart və Güvən reklamı Vumart Güvən