NATO-nun Baş katibi Trampın Rusiya barədə bəyanatını alqışladı

NATO-nun Baş katibi Mark Rütte ABŞ Prezidenti Donald Trampın Ukraynadakı vəziyyətlə bağlı Rusiya əleyhinə yeni tədbirlər barədə bəyanatını mühüm addım kimi qiymətləndirib.
Redaktor.az xəbər verir ki, Mark Rütte bunu “Fox News” telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, Trampın bəyan etdiyi sanksiya tədbirləri, xüsusilə də Rusiyadan enerji resursları alan ölkələrə qarşı tətbiq ediləcək rüsumlar beynəlxalq ictimaiyyət üçün ciddi xəbərdarlıqdır.
NATO-nun Baş katibi Trampın Ukraynaya silah satışına dair qərarını da alqışlayıb. O qeyd edib ki, bu addım Birləşmiş Ştatlarla Avropa arasında həmrəyliyin göstəricisi olmaqla, tərəflərin “Ukrayna üçün əllərindən gələni etməyə hazır olduqlarını” nümayiş etdirir.
“Bu, Prezident Donald Trampın məsələyə ciddi yanaşdığını göstərən aydın bir siqnaldır. O, sülh istəyir və Ukraynada insanların həyatını itirməsindən narahatdır,” – deyə Mark Rütte bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyulun 14-də Ağ evdə keçirilən görüş zamanı 50 gün ərzində Ukrayna üzrə razılaşma əldə olunmayacağı təqdirdə, Moskvaya və onun ticarət tərəfdaşlarına qarşı sərt sanksiyaların tətbiq olunacağı barədə xəbərdarlıq edib.
ABŞ Prezidenti, həmçinin bildirib ki, Vaşinqtonun müttəfiqləri yaxın günlərdə Ukraynaya “Patriot” zenit-raket komplekslərinin və onlara aid raketlərin tədarükünü həyata keçirəcəklər.