Aİ beş rusiyalıya sanksiya tətbiq ETDİ

Avropa İttifaqı (Aİ) Şurası ciddi insan haqları pozuntularında, həmçinin vətəndaş cəmiyyəti və demokratik müxalifətə qarşı repressiyalarda iştirak edən beş Rusiya vətəndaşına qarşı sanksiyaların tətbiq edildiyini açıqlayıb.
Redaktor.az-ın məlumatına görə, bu barədə Aİ-nin bəyanatında deyilir.
Sanksiyalar o cümlədən Moskvanın Krasnoselski rayonunun keçmiş bələdiyyə deputatı, müxalifət fəalı Aleksey Qorinovun təqibində əsas rol oynamış Rusiya məhkəmə sisteminin nümayəndələrinə qarşı yönəlib. O, Rusiyanın Ukraynaya qarşı müharibəsi barədə fikir bildirdiyinə görə siyasi motivli ittihamlarla 3 il müddətinə azadlıqdan məhrum edilib və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində cəkir.
Həbsxanada olarkən Qorinova qarşı pis rəftar edilib, o cümlədən səhhəti ağır olarkən lazımi tibbi yardım göstərilməyib, uzun müddət cəza təcridxanalarında saxlanılıb və normal yuxu yatmasına mane olunub.
Tətbiq edilən tədbirlərə aktivlərin dondurulması, həm birbaşa, həm də vasitəçilər vasitəsilə vəsaitlərin və ya iqtisadi resursların verilməsinə qadağa daxildir. Bu şəxslərin Aİ ölkələrinə daxil olması və onların ərazisindən tranzit vasitəsilə keçməsi də qadağan edilib.
Aİ Ukraynaya qarşı davam edən müharibə kontekstində ciddi narahatlığını ifadə edərək, Rusiyada insan haqlarının pozulması və repressiyalara qarşı prinsipial mövqeyini bir daha təsdiqləyib.