Misir 2047-ci ilin sonuna qədər bütün borclarını ödəyəcək

Misir 2046-2047 maliyyə ilinin sonuna qədər Beynəlxalq Valyuta Fonduna (BVF) bütün borclarını, o cümlədən əsas kreditləri və faizləri tam olaraq ödəyəcək.
Redaktor.az “əl-Qahirə 24” portalına istinadla xəbər verir ki, bu, BVF-in yayımladığı hesabatda əks olunub.
Qeyd edilib ki, 2025-2026 maliyyə ilinin sonuna qədər Misir tərəfindən ödənməli ümumi məbləğ 3.7 milyard dollar olacaq. Bu rəqəm 2024-2025 maliyyə ilində 6.6 milyard dollar təşkil edir. Bu, borcun tədricən azalmağa doğru getdiyini göstərir. BVF Misir hökumətinin təyin olunan ödəmə planına tam riayət edəcəyinə inandığını ifadə edib.
Fonddan verilən məlumata görə, Misirin BVF-yə olan ümumi borcu və faizləri 2047-ci ilə qədər sıfıra enəcək. Həmin il ölkənin borc öhdəliklərinin yalnız 92 milyon dollar olacağı gözlənilir.
Hesabatda 2024-2025 maliyyə ilinin, Misirin borcları baxımından ən yüksək dövr olacağı qeyd olunub. Bu dövrdə BVF-yə olan borclar ümumi dövlət gəlirlərinin təxminən 12.2%-ni və ümumi daxili məhsulun (ÜDM) 1.9%-ni təşkil edəcək.
BVF, həmçinin bildirib ki, Misirin iqtisadi islahat proqramı müəyyən edilmiş vaxt çərçivəsinə uyğun olaraq irəliləyir və bu, xarici maliyyə mənbələrinin davamlılığını və borcların tədricən azaldılmasını təmin edəcək. 2047-ci ilə qədər borcların tamamilə sıfırlanması gözlənilir.