Türkiyə ilə İspaniya Aralıq dənizində yeni koalisiyaya rəhbərlik edə bilər

Qlobal proseslər və ABŞ-ın Avropa ölkələri və Yaxın Şərq dövlətlərinə təzyiq kursu yeni koalisiya və ittifaqların əsasını təşkil edir. Belə regional birliklərdən biri Türkiyə və İspaniyanın rəhbərliyi ilə Aralıq dənizində yarana bilər.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzeti məlumat yayıb.
Nəşr ABŞ Prezidenti Donald Trampın siyasəti fonunda bir çox dövlətlərin “strateji yol ayrıcında” olduğunu qeyd edən ekspert Canan Tercanın fikrinə istinad edir.
“Ağ ev rəhbərinin administrasiyası həm enerji komponentində, həm də müdafiə sektorunda Avropa İttifaqını zəiflətməyi hədəfləyib. Baş verənlər fonunda ən rasional variant kimi İspaniya və Türkiyənin yaxınlaşması görünür. Ankara və Madridin rəhbərlik etdiyi yeni ittifaq regional təhlükəsizliyə töhfə verə, bir çox ölkənin iqtisadi müstəqilliyi üçün təkan ola bilər”, - deyə nəşrdə yazılır.
C.Tercanın fikrincə, Türkiyənin Liviya ilə razılaşmaları, eləcə də İspaniyanın Aralıq dənizi limanlarına və bərpaolunan enerji mənbələrinə investisiyaları yeni koalisiyanın effektivliyindən xəbər verir. Bundan əlavə, hər iki ölkə Afrika və Yaxın Şərq ölkələri ilə əlaqələri inkişaf etdirir.
“Dəniz zonasında təhlükəsizliyin təmin edilməsi istiqamətində birgə addımlar, mühüm təbii sərvət yataqlarının işlənməsində əməkdaşlıq, inkişaf etmiş logistika və enerji infrastrukturu Türkiyə ilə İspaniyanın rəhbərlik etdiyi ittifaqı BRİKS-dən daha effektiv platformaya çevirə bilər. Bununla da Avropa İttifaqına faktiki alternativin formalaşdırılması mümkün olacaq. Aralıq dənizində düzgün və vaxtında atılan addımlar bütün dünyada qüvvələr balansını dəyişə bilər”, - deyə qəzet yazır.