Ukrayna Putinin və Zelenskinin görüşünə hazırlığı təsdiqlədi

Ukraynanın danışıqlar nümayəndə heyəti Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüşə hazırlıq işlərinin aparıldığını təsdiqləyib.
Redaktor.az xəbər verir ki, bu barədə “Ukrainska Pravda” nəşri məlumat yayıb.
Nümayəndə heyətindən verilən açıqlamada bildirilib ki, əsas vəzifə yalnız humanitar məsələlərlə bağlı deyil, eyni zamanda iki ölkənin liderləri arasında birbaşa görüşün təşkil olunmasıdır.
İyulun 19-da Ukrayna Prezidenti Vladimir Zelenski verdiyi açıqlamada, Rusiya-Ukrayna danışıqları çərçivəsində əldə olunmuş razılaşmaların liderlər səviyyəsində təsdiqlənməsinin vacib olduğunu bildirmişdi. O, Ukraynanın belə bir görüşə hazır olduğunu qeyd etmişdi.
İyulun 23-də isə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı Zelenskinin açıqlamasını şərh edərək bildirib ki, liderlərin görüşünə hazırlıq kimi aparılan bütün işlər, o cümlədən memorandumların razılaşdırılması prosesi bu məqsədə xidmət edir.
Peskov əlavə edib ki, belə texniki və çətin hazırlıq görülmədən liderlər səviyyəsində görüşün keçirilməsi məqsədəuyğun deyil. Onun sözlərinə görə, əks halda, bütün ağır və əhatəli hazırlıq işləri birbaşa liderlər səviyyəsində aparılmalı olacaq.
Nuriyyə NATİQQIZI