Moskva Kiyevə üç işçi qrup yaratmağı təklif edib - AÇIQLAMA

Rusiya Ukraynaya onlayn işləmək üçün üç işçi qrupu yaratmağı təklif edib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Ukrayna tərəfi ilə danışıqların üçüncü raundunun yekunları üzrə Rusiya prezidentinin köməkçisi və Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib.
"Biz bu dəfə Ukrayna tərəfinə nə təklif etdik? Vergi ödəyicilərinin vaxtına və puluna qənaət etmək üçün nümayəndə heyətimizin tərkibində onlayn rejimdə işləyəcək üç işçi qrupu yaratmaq", - o vurğulayıb.
Rusiya prezidentinin köməkçisinin sözlərinə görə, bunlar siyasi məsələlər, humanitar məsələlər üzrə işçi qrupları və hərbi idarələrin müvafiq mütəxəssislərindən ibarət hərbi məsələlər üzrə işçi qrupları olacaq.
Medinski qeyd edib ki, Ukrayna tərəfi bu təklifi nəzərdən keçirmək niyyətindədir.
xatırladaq ki, çərşənbə günü İstanbulun Çırağan sarayında Rusiya və Ukrayna arasında iki ölkə arasındakı münaqişənin həlli üzrə danışıqların üçüncü raundu keçirilib. Moskva nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski, Kiyev nümayəndə heyətinə isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov başçılıq edib.
Turan İSMAYIL