Rusiyada təyyarə qəzası ilə bağlı hökumət komissiyası yaradıldı - YENİLƏNİB

Rusiyanın Baş naziri Mixail Mişustin Amur bölgəsində “An-24” təyyarəsinin qəzasının nəticələrinin aradan qaldırılması üçün hökumət komissiyası yaradıb.
Redaktor.az-ın Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, komissiyaya nəqliyyat naziri Andrey Nikitin rəhbərlik edəcək.
M.Mişustinin tapşırığı ilə Nikitin və “Rosaviasiya”nın rəhbəri Dmitri Yadrov təyyarə qəzası yerinə uçacaqlar.
“Rosaviasiya”nın məlumatlarına görə, qəzaya uğrayan “An-24” təyyarəsi 2018-ci ildən bəri dörd hava insidentində iştirak edib.
***
Amur vilayətində qəzaya uğrayan “An-24” təyyarəsinin bütün sərnişinləri həlak olub.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
İlkin versiya kimi pis görüntü şəraitində eniş zamanı ekipajın səhvi nəzərdən keçirilir.
Xilasetmə qrupları ərazinin çətin keçilən olması səbəbindən qəza yerinə enə bilməyiblər, buna görə də yanmaqda olan təyyarə qalıqlarına piyada yollanıblar.
Bundan əlavə, qəza yerində yanğın baş verib.
***
Rusiyada radarlardan itən “An-24” sərnişin təyyarəsinin qalıqları Tındadan 15 km məsafədə aşkar edilib.
Redaktor.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə təcili xidmətlər məlumat verib.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, axtarış işləri zamanı “Rosaviasiya”nın “Mi-8” helikopteri “AN-24” təyyarəsinin gövdəsini aşkar edib.
Qurum əlavə edib ki, təyyarə düşdükdən sonra yanıb. Xilasedicilər qəza yerinə yollanırlar.
Bildirilib ki, təyyarədə 43 sərnişin (onlardan 5-i uşaq) və 6 ekipaj üzvü olub.
***
Rusiyanın Amur vilayətində sərnişin təyyarəsi radarlardan itib, onunla əlaqə yoxdur.
Redaktor.az xəbər verir ki, bu barədə "İnterfaks" təcili xidmətlərə istinadən məlumat yayıb.
Təyyarənin göyərtəsində 40 sərnişin və 6 ekipaj üzvü var.
Bildirilib ki, “An-24” təyyarəsi Xabarovsk-Blaqoveşensk-Tında marşrutu ilə hərəkət edirdi.
Son nöqtəyə yaxın sərnişin təyyarəsi radardan itib.
Nuriyyə NATİQQIZI