Orta Dəhliz qlobal risklər fonunda Çin, Aİ və ABŞ üçün prioritetə çevrilir

Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu,TBNM) Azərbaycanın Avrasiya logistikasında əsas həlqə kimi əhəmiyyətini bir daha ön plana çıxarır.
Bu barədə Redaktor.az Özbəkistan Nəqliyyat Nazirliyinin layihəsi çərçivəsində hazırlanmış analitik hesabatına istinadən xəbər verir.
Sənəddə qeyd olunur ki, Azərbaycanın bu marşrutdakı rolu müasir nəqliyyat infrastrukturuna, Xəzər dənizi sahilində yerləşən dəniz limanlarına və eyni zamanda Orta Dəhlizin əsas iştirakçılarından olan Türkiyə və Gürcüstanla dayanıqlı əlaqələrə əsaslanır.
Hesabat müəllifləri Azərbaycan-Türkiyə tandeminə xüsusi diqqət yetirirlər. Qeyd olunur ki, bu iki ölkə geosiyasi və geoiqtisadi layihələrdə hər zaman koordinasiyalı şəkildə çıxış edir. Bu əməkdaşlıq, Rusiya və İrana qarşı tətbiq edilən sanksiyalar fonunda Qərbin, xüsusilə Avropa İttifaqının və ABŞ-ın, Mərkəzi Asiya ilə əlaqələri gücləndirmək cəhdlərini dəstəkləyən amil kimi qiymətləndirilir.
Azərbaycanın müstəqillik əldə etdiyi vaxtdan bəri beynəlxalq nəqliyyat habına çevrilmək məqsədilə ardıcıl şəkildə nəqliyyat infrastrukturunun inkişafına yönəlik siyasət apardığı vurğulanır. Bu kontekstdə həm Orta Dəhliz, həm də “Şimal-Cənub” marşrutu ölkə üçün strateji əhəmiyyət daşıyır.
“Azərbaycan TBNM-ə təkcə infrastrukturun inkişaf vasitəsi kimi deyil, həm də “gələcəyin iqtisadiyyatı”nın bir parçası, eyni zamanda yerli məhsulların ixracı üçün mühüm kanal kimi baxır. Bu baxımdan, 2024-cü ilin noyabrında Bakı-Sian dəmir yolu marşrutu ilə yüklərin göndərilməsi mühüm nümunədir”, - deyə hesabatda qeyd olunur.
Sənəddə vurğulanır ki, Orta Dəhliz Qazaxıstan üçün də geosiyasi alət kimi çıxış edir. TBNM bu ölkənin qlobal təchizat zəncirlərinə inteqrasiyasına, Avropa İttifaqı və Türkiyə ilə əlaqələrin gücləndirilməsinə, eyni zamanda “Bir kəmər, bir yol” təşəbbüsündəki rolunun artmasına kömək edir. Marşrutun genişlənməsi Astanaya öz xarici iqtisadi əlaqələrini şaxələndirməyə və türk dünyası, Avropa, eləcə də Asiya-Sakit okean regionu ölkələri ilə əməkdaşlığı gücləndirməyə imkan verir.
“Orta Dəhliz çərçivəsində infrastrukturun modernləşdirilməsi regiondaxili əlaqələrin inkişafına və Mərkəzi Asiya ölkələrinin nəqliyyat imkanlarının yaxşılaşdırılmasına mühüm töhfə verir”, – müəlliflər bildirirlər.
Hesabatda əlavə olaraq qeyd olunur ki, həm ABŞ, həm də Avropa İttifaqı Orta Dəhlizi Rusiyadan keçən ənənəvi marşrutlara alternativ olaraq nəzərdən keçirir və bu marşrutun inkişafını strateji prioritet kimi dəyərləndirir. Çin isə Ukrayna münaqişəsi fonunda TBNM-ə geosiyasi riskləri azaldan, daha sabit və dayanıqlı tranzit marşrutu kimi maraq göstərir.
“Qlobal qeyri-müəyyənliklər şəraitində Orta Dəhliz həm Pekin üçün "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində, həm də Moskva üçün daha təhlükəsiz və səmərəli marşrutdur. Çin və Rusiya arasındakı tərəfdaşlıq Avrasiya nəqliyyat arxitekturasının modernləşdirilməsi və regional inteqrasiyanın dərinləşdirilməsinə xidmət edə bilər”, - sənəddə deyilir.
Hesabatda Tacikistanın maraqları da xüsusi qeyd olunur. Düşənbə Orta Dəhlizi qiymətli metallar, tekstil və tikinti materiallarının ixracı yolu ilə Avropa bazarlarına çıxış imkanı kimi görür. Müəlliflər bildirirlər ki, Tacikistan bu marşrut ətrafında artan fəallıq fonunda Bakı ilə əməkdaşlıq səviyyəsini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib.
Xatırladaq ki, 2024-cü ildə TBNM ilə yükdaşımaların həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə onun 5,2 milyon tona qədər artacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu marşrutda iştirak edən ölkələrdən keçəcək. Bu həcmin 2,5 milyon tonu quru yük (96 min TEU ekvivalenti), 1,7 milyon tonu isə neft olacaq.
Marşrutun ötürücülük qabiliyyəti 2027-ci ilə qədər ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infrastruktura əlavə investisiyaların cəlb edilməsi üçün davamlı zəmin yaradacaq.