Rusiya ordusuna qan udduran "Çöl canavarları"

 21:20 26.07.2025     96

"10 ildir ki, demək olar, hər gün döyüşürəm. Əvvəllər qonşu Donetsk vilayətində, daha doğrusu bizimlə sərhəd rayonlarında, indi isə Zaporojye vilayətimizdə. Bilmirəm necə deyim, təəssüf etsəm də, artıq bu həyat mənim üçün vərdişə çevrilib. Bir də ona təəssüf edirəm ki, bizə hücum edənlər eyni dindən olan, eyni bir xalqın nümayəndələridir. Amma daha çox təəssüf etdiyim, gəlib mənimlə üzbəüz döyüşən, 1980-ci ildə Əfqanıstanda hərbi xidmət keçdiyim əsgər yoldaşımın olmasıdır. Mən onunla indi burada - hansı ki, gəlib mənim ərazimi tutub - üz-üzə gəlməyi təsəvvür edə bilmirəm...".

Mənimlə danışsa da, sürətlə idarə etdiyi köhnə maşını yol boyu çuxurlardan yan keçirməyə çalışır. Onu hövsələdən çıxaran maşının tez-tez çuxura düşməsi yox, müharibə ilə bağlı verdiyim sualların ona arzulamadığı şeyləri xatırlatmağıdır.

Adı Oleksandrdır. Yaşı 60-dan çox olar. Ukraynanın Zaporojye vilayətində doğulub, böyüyüb. 2022-ci ilin fevralından da bu istiqamətdə öz bölüyü ilə döyüşür. Ləqəbi isə "Did"dir. "Did" Ukrayna dilində baba deməkdir. Ləqəbi da ona bölüyündəki əsgərlər veriblər. Bölüyün də yarısı onun oğlanları, bacısı oğlanları, yaxud bacılarının və qardaşlarının nəvələridir. Bölüyün adı "Çöl canavarları"dır. Zaporojye kazaklarının inancına görə, canavarlar yenilməzdirlər və bu mənada onlar da bu adla öz yenilməzliyini ehtiva edirlər. Xidmətləri Zaporojye ərazisində, müxtəlif istiqamətlərdə peyda olaraq, əsasən də qısamənzilli raketlərə Rusiya ordusunun iri hərbi texnikalarını sıradan çıxarmaqdır. Bəzən arxadan da zərbələr endirirlər. Bir sözlə, müasir partizan dəstələrindəndir.

Hazırda onunla getdiyim yer Zaporojye vilayətinin Vasilivka rayonu istiqamətidir. Vasilivka rayonu 2022-ci ilin yayından Rusiya ordusunun nəzarətindədir. Rayona 6-7 km qalmış avtomobili saxladı. Ətraf düzənlik və kolluq idi. Avtomobildən düşüb iri ağaclardan birinə yaxınlaşdı. Ağacın altında nəyisə qaldırıb, əli ilə məni çağırdı. Maşından düşüb ona yaxınlaşanda gördüyümdən heyrətə gəldim. Ağacın dibindəki kiçik qapı yeraltı, böyük bir məkana açılırdı. Bura onların, belə deyək, kazarmalarından biri idi. Burada yerləşdirdikləri mobil raketlərlə bir neçə kilometrlikdə olan Rusiya ordusuna aid artilleriya sistemlərini məhv edirlər. Onların məhv etdiyi döyüş texnikasına rus ordusuna məxsus, zenit raket kompleksi, "S-400" sistemi və hətta kiçik məntəqələrdə helikopter aerodromu da daxildir.

Həmin gün gedən döyüşlər zamanı aylardır Zaporojye şəhərini 30 kilometr məsafədən atəş altında saxlayan raket kompleksini 5 kilometrlik məsafədən vurdular. Onların necə bir cəsur döyüşçü və qorxmaz partizan olduğunun bir daha şahidi oldum.

Bölüyün əsgərləri ilə tanışlıq zamanı maraqlı bir ənənəni də eşitdim. "Çöl canavarları"nın üzvləri, adətən oğul uşağı sahibi olmağa çalışırlar. Səbəbi də gələcəkdə övladlarının onların xidmətini davam etdirməkdir. Necə ki hazırda, yuxarıda dediyim kimi, bölüyün üzvlərinin böyük əksəriyyəti bir-biri ilə yaxın qohumdurlar. Müharibədən sonra da niyyətləri, bölüyü bu adla Ukrayna Silahlı Qüvvələrinin tərkibində xidmət səviyyəsində saxlamaqdır. "Did" belə planları olduğunu da açıqladı. "Bizim təminatımız, əsasən konüllü fondlardan qaynaqlanır, dövlətdən o qədər də dəstək ala bilmirik. Ancaq silahlarla təmin edirlər. Digər təminat əsasən yerli camaatdan ibarət olan fondlardan gəlir. Bizi güclü və əmin edən yerli əhalinin dəstəyidir. Hətta hazırda işğal altında olan kəndlərdən belə müxtəlif yollarla bizə dəstək verirlər", - deyə "Did" əlavə edib. Bölük üzvlərinin heç biri peşəkar hərbçi deyil. Müharibəyə qədər kimisi santexnik, kimisi çilingər, kimisi ticarətçi, kimisi də müəllim və s. işlərdə çalışıblar.

Denis də "Çöl canavarları"ndandır. Müharibəyə qədər İT sektorun aid bir şirkətdə çalışıb. İT mütəxəssisi olması burada da işinə yarayırdı. Döyüş koordinatlarını əlindəki planşetlə o qəbul edib, icra tapşırıqlarına yönəldirdi. Həmin gün mənim xahişimlə, Rusiyanın nəzarətində olan Enerqodardakı Zaporojye AES-in mümkün qədər yaxınlığında olan ərazini müşahidə etdi. Daha doğrusu Zaporojye vilayətinin Dnepropetrovsk vilayəti ilə sərhəd hissəsində olan Nikopol şəhərinə qədər. Bura Dnepr çayının sağ sahilində yerləşir. Üzbəüz, təxminən 500 metrlikdə, sol sahildə isə Enerqodar şəhərindəki atom elektrik stansiya yerləşir. Hansı ki, bu, Ukraynada 4 atom elektrik stansiyasından biri və Rusiyanın Ukraynada tutduğu yeganə AES-dir.

Denis demək olar mənə operatorluq da etdi - o gün apardığım çəkilişlərdə yardımçı oldu. Həmin gün Dnepr çayı demək olar qurumuşdu. Bu, qarşı tərəfdən diversiya hücumu üçün əlverişli olduğuna görə təhlükəli idi. Amma Denisin dəstəyi ilə maraqlı reportaj etdim o gün. Denislə maraqlı söhbətimiz oldu. "İki oğlum var. Birinin adı Vovf (Ukrayna dilində "canavar" - red), digərinin adı Karamandır (Qara aman - red.). İstəyirəm hər ikisi böyüyəndə hərbçi olsun", - deyə geri qayıdan zaman yol boyu danışan Denis Azərbaycanla bağlı fikirlərini də bölüşdü. Deyir ki, Azərbaycan ordusunun İkinci Qarabağ müharibəsində uğurlu döyüşlərini, sosial şəbəkələrdə yayılan videoları heyranlıqla izləyib. Bundan sonra internetdən Bakı, ümumiyyətlə Azərbaycanla bağlı məlumatlar əldə edib və ölkəmizə heyran olub. "Oğlanlarıma və həyat yoldaşıma söz vermişəm ki, müharibədən sonra onları Azərbaycana aparacağam. Məni orada qarşılayarsan?" - deyə mənə sual edəndə bir azərbaycanlı kimi ürəkdən "Əlbəttə!" cavabını verdim.

Bu yerdə bir haşiyəyə çıxım ki, rast gəldiyim qədər Zaporojye vilayətində əksər yer və bəzi insan adları türkkökənlidir. Məsələn, Tokmak şəhəri, Kamışovaxa qəsəbəsi və sair. O cümlədən də Karaman kimi adlar.

Amma təəssüf ki, Denisin bu arzusu da elə arzu olaraq qaldı. Çünki, Kiyevə qayıtdıqdan sonra 2-3 ay keçməmiş, dəstə üzvlərinin sosial şəbəkə hesabından öyrəndim ki, Denis həlak olub. Döyüş yoldaşlarından öyrəndim ki, Denis tapşırıqdan qayıdan zaman minaya düşüb, cəsədi elə parça-parça olub. Hətta cəsədini dəfn etmək üçün toplaya da bilməyiblər.

Sonralar da, sosial şəbəkə səhifələrindən, "Çöl canavarları"ndan həlak olanlar barədə oxuyuram. Amma fotolarından hiss olunur ki, dəstə üzvləri yeniləri sayəsində azalmır. "Did"in dediyi kimi, canavarlar öldükcə sayı çoxalır.

Mübariz Aslanov

Vumart və Güvən reklamı Vumart Güvən