Zaxarovadan iddia: Rusiyada olan azərbaycanlılara qarşı təxribat planları var

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) hazırda Rusiya ilə Azərbaycan arasında mövcud olan ziddiyyətlərdən istifadə edərək milli zəmində nifrət və düşmənçilik yaratmağa çalışır.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə rusiyalı diplomat keçirdiyi brifinqdə deyib.
“Əldə etdiyimiz məlumata görə, SBU hazırkı rusiyalı-azərbaycanlı ziddiyyətlər fonunda milli zəmində qarşıdurmanı qızışdırmaq niyyətindədir. Xüsusilə, bizə bəllidir ki, Ukrayna tərəfi maddi mükafat vəd etməklə Rusiyadan olan keçmiş vətəndaşları, yəni keçmiş mühacirləri cəlb edərək Rusiya bayrağı altında Azərbaycan vətəndaşlarına, nümayəndəliklərinə və mədəniyyət ocaqlarına qarşı diversiya aktları planlaşdırır”, – deyə Zaxarova vurğulayıb.
O əlavə edib ki, bu təxribatlar uğurla həyata keçiriləcəyi təqdirdə, Rusiya tərəfindən guya Azərbaycana qarşı təcavüz olduğu barədə məlumatlar azərbaycanlı, türk və Avropa informasiya məkanında qəsdən yayılacaq.