Türkiyənin üçüncü vətəndaşı kosmosa uçacaq

Türkiyənin "Erdem" Holdinqinin İdarə Heyətinin üzvü Gökhan Erdem ölkənin kosmosa uçan üçüncü vətəndaşı olacaq.
Redaktor.az xəbər verir ki, müxtəlif ölkələrin, o cümlədən Türkiyənin nümayəndələrinin iştirak edəcəyi “Blue Origin” şirkətinə məxsus kosmik aparatın uçuşu avqustun 3-ü ABŞ-nin Texas ştatındakı Van Horn poliqonundan planlaşdırılır.
“Blue Origin” şirkətinin 14-cü suborbital missiyasının iştirakçıları Yer atmosferi ilə kosmos arasındakı şərti sərhəd hesab olunan Karman xəttini keçəcəklər. Missiyanın emblemində heyət üzvlərinin hər birini təmsil edən simvollar yer alıb. Məsələn, Bosfor boğazı Gökhan Erdemin Türkiyəyə mənsubluğunu simvolizə edir.
Qeyd edək ki, daha əvvəl Türkiyənin Milli Kosmik Proqramı çərçivəsində Alper Gezeravcı və Tuva Cihangir Atasevər kosmosa uçuş həyata keçiriblər.