“Netanyahu hökuməti müharibə ilə var olan bir siyasi qurumdur” - Politoloq

"İsrailin baş naziri Benyamin Netanyahu Qəzzanı tam şəkildə işğal etmək niyyətindədir. Lakin dünya birliyi, xüsusilə Böyük Britaniya, Almaniya və Fransa kimi ölkələr, bu planlara qarşı iki dövlətli həllin tərəfdarı kimi çıxış edirlər".
Bu fikirləri Redaktor.az-a İsrailin Baş naziri Benyamin Netanyahunun Qəzzanı tam işğal etməsi planının iddialarını şərh edən politoloq Əli Mustafa bildirdi.
Onun sözlərinə görə, bu yanaşma Yaxın Şərqdə vəziyyətin sabitləşməsindən çox, gərginliyin davam edəcəyinə işarədir:
"Ümumiyyətlə, Netanyahu hökuməti təəssüf ki, müharibə ilə var olan bir siyasi qurumdur. Bu hökumətin mövcudluğu çox zaman münaqişələrin davamı ilə şərtlənir. Müharibə dayandıqda hökumətin içindəki siyasi dayaqlar da zəifləyir. Ona görə də bu siyasət özünü daim gərginlik üzərində saxlayır. Mövcud vəziyyət təəssüf ki, nikbinlik üçün əsas vermir. Ən yaxşı halda belə, bölgəyə sülh gələcəyi ehtimalı çox zəifdir. Yaxın və orta perspektivdə gərginliyin davam edəcəyi proqnozlaşdırılır. Lakin enində-sonunda beynəlxalq birliyin Netanyahunun siyasətinə qarşı daha sərt və açıq mövqe sərgiləyəcəyi gözlənilir. Xüsusilə sentyabr ayına doğru böyük dövlətlərin bu məsələyə münasibətində ciddi dəyişikliklər ola bilər. Dünya artıq müharibə istəmir və istənilən yolla bölgədə sülhü təmin etmək istəyir".
Müsahibimiz vurğuladı ki, bu sülhün təmin olunması üçün isə İsrailin iki dövlətli həll modelinə razı olması əsas şərtdir:
"Əks halda, münaqişə daha da dərinləşə bilər. Nəzərə alsaq ki, hazırda Qəzzada vəziyyət son dərəcə gərgindir, Həmas döyüşməkdə davam edir və İsrailə qarşı müqavimət hələ tam sarsıdılmayıb. Təxminən 20-yə qədər girovun hələ də Həmasın əlində olduğu deyilir və buna baxmayaraq, İsrail bu girovları azad edə bilmir.
Bütün bu faktlar göstərir ki, Netanyahunun hərbi əməliyyatları daha çox qanlı toqquşmalara və ağır itkilərə səbəb ola bilər. Vəziyyətin həlli yalnız bir yoldan keçir: Fələstinlilərin hüquqları tanınmalı və Fələstin dövlətinin yaradılmasına real şərait təmin olunmalıdır. Əks halda bölgədə nə sabitlik, nə də sülh mümkün olacaq".
Nuriyyə NATİQQIZI