Bu ölkədə bir həftədə 2 min 345 vəba halı qeydə alınıb

Sudan Səhiyyə Nazirliyi ölkədə yayılan vəba (xolera) xəstəliyi ilə bağlı son statistikanı açıqlayıb.
Redaktor.az bu barədə ölkə mediasına istinadla xəbər verir.
Nazirliyin məlumatına görə, son bir həftə ərzində ölkədə 2 min 345 yeni vəba halı qeydə alınıb, 21 nəfər isə bu xəstəlik səbəbilə həyatını itirib.
Rəsmi açıqlamada, yoluxma hallarının böyük hissəsinin ölkənin qərbində yerləşən Darfur əyalətinin Tavilabölgəsində müşahidə edildiyi bildirilib. Xüsusilə qeyri-kafi təmiz su təchizatı və sanitariya şəraiti xəstəliyin yayılmasını sürətləndirir.
UNICEF və digər beynəlxalq qurumlar bölgəyə təcili tibbi yardım, təmiz su və qida yardımlarının çatdırılması üçün beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırır.
Həkimlər və səhiyyə mütəxəssisləri xəbərdarlıq edirlər ki, vəbanın qarşısını almaq üçün bölgədə təmiz içməli suya çıxışın təmin edilməsi, sanitariya şəraitinin yaxşılaşdırılması və müvafiq peyvəndləmə kampaniyalarının keçirilməsi vacibdir.
Nuriyyə NATİQQIZI