Tutuquşu 15 nəfərlik cinayətkar dəstəni ifşa ELƏDİ

Böyük Britaniyada danışan tutuquşu polisə narkotik alveri ilə məşğul olan dəstənin ifşa etməkdə yardım edib.
Redaktor.az xəbər verir ki, bu barədə "Lancashire Telegraph” nəşri məlumat yayıb.
Bu həftə Lankeşir qraflığının Blekpul şəhərində məhkəmə narkotik maddələrin qanunsuz dövriyyəsində iştirak edən 15 nəfəri ümumilikdə 103 ildən artıq həbs cəzasına məhkum edib. Onların arasında 35 yaşlı Adam Qarnett də var. O, artıq həbsdə olduğu halda A sinif narkotiklərin tədarükünü təşkil edirmiş. Qarnett və onun şərikləri 2023-cü ilin fevralından 2024-cü ilin iyuluna qədər heroin, krak-kokain, ketamin və kannabis yaymaqla məşğul olublar.
Qarnettin kamerasında aparılan axtarış zamanı bir neçə mobil telefon və Wi-Fi yönləndirici aşkar edilib. Bu cihazlar vasitəsilə mütəşəkkil cinayətkar qrupun digər üzvləri - Dalbir Sandxu, Şennon Hilton, Ceyson Cerrand və başqaları ilə əlaqələri müəyyən olunub. Şübhəlilərdən narkotik maddələr, böyük miqdarda nağd pul və telefonlar götürülüb.
Polis dəstəni Qarnettin sevgilisi Şennon Hiltona məxsus Manqo adlı tutuquşunun sayəsində ifşa edib. Şennonun telefonunda saxlanılan videolardan birində tutuquşu "ikisi 25-ə” ifadəsini təkrar edirmiş. Məlum olub ki, bu ifadə narkotik satışında istifadə olunan şifrə olub. Həmin videolarda, həmçinin narkotik maddələr və satışdan əldə olunan pullar da əks olunub.
Nəticədə Qarnett artıq çəkdiyi 15 illik həbs cəzasına əlavə olaraq 19 il 6 ay daha həbs cəzası alıb. Dəstənin digər üzvləri isə 7 ildən 12 ilə qədər azadlıqdan məhrum edilib.