ABŞ vizası almaq istəyənlərin NƏZƏRİNƏ: Yeni QAYDALAR

Sentyabrın 2-dən etibarən əksər kateqoriyalarda qeyri-immiqrant vizası üçün müraciət edənlər, o cümlədən vizasını yeniləyən şəxslər ABŞ konsulluğunun əməkdaşı ilə şəxsən müsahibədə iştirak etməli olacaqlar.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Azərbaycandakı səfirliyi Dövlət Departamentinin rəsmi internet saytına istinadən paylaşıb.
Qeyd olunur ki, 14 yaşdan kiçik və 79 yaşdan yuxarı ərizəçilər də daxil olmaqla, bütün qeyri-immiqrant viza üçün müraciət edənlər konsulluq məmuru ilə şəxsi müsahibədən keçməlidirlər.
Qeyri-immiqrant viza müsahibəsindən azad ola biləcək ərizəçilər isə aşağıdakılardır:
- A-1, A-2, C-3 (akkreditə olunmuş rəsmilərin müşayiətçiləri, xidmətçiləri və ya şəxsi işçiləri istisna olmaqla), G-1, G-2, G-3, G-4, NATO-1-dən NATO-6-ya qədər və ya TECRO E-1 viza simvolları altında təsnif edilə bilən şəxslər;
- Diplomatik və ya rəsmi tipli vizalar üçün müraciət edənlər;
- Əvvəlki vizanın müddətinin bitməsindən 12 ay ərzində tam etibarlı B-1, B-2, B1/B2 vizasını və ya sərhəd-keçid kartını (Meksika vətəndaşları üçün) yeniləyən və əvvəlki vizanın verildiyi zaman ən azı 18 yaşı olan ərizəçilər.
Konsul məmurları hər hansı səbəbdən fərdi qaydada şəxsi müsahibələr tələb edə bilərlər. Ərizəçilər viza müraciəti tələbləri və prosedurları haqqında daha ətraflı məlumat əldə etmək, həmçinin səfirlik və ya konsulluğun fəaliyyət statusu və xidmətləri haqqında daha çox məlumat almaq üçün səfirlik və konsulluğun veb-saytlarını yoxlamalıdırlar.
Əlavə edilir ki, bu qaydalar 18 fevral 2025-ci il tarixli güzəşti müsahibə qaydalarını əvəz edəcək.