Çin Filippinə nota göndərdi

Çin, Filippin prezidenti kiçik Ferdinand Markosun Tayvanla bağlı açıqlamalarına görə bu ölkəyə rəsmi etiraz notası təqdim edib.
Redaktor.az Sinxua agentliyinə istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Pekində keçirdiyi brifinqdə bildirib ki, Tayvan məsələsi Çinin daxili işi və ölkə ərazisinin ayrılmaz hissəsidir, digər dövlətlərin müdaxiləsi qəbuledilməzdir.
Sözçü Filippinin əvvəllər “vahid Çin” siyasətinə sadiq qalacağına söz verdiyini xatırladaraq, hazırkı bəyanatların bu vədlərlə ziddiyyət təşkil etdiyini vurğulayıb. Onun sözlərinə görə, rəsmi Manila yalan və təxribat xarakterli ritorika ilə Çin-Filippin münasibətlərinə zərər vurur.
Çin tərəfi Filippinə “vahid Çin” prinsipinə riayət etməyi və əsas maraqlara toxunan məsələlərdə “odla oynamaqdan” çəkinməyi tövsiyə edib.
Xatırladaq ki, kiçik Ferdinand Markos Hindistana səfəri zamanı Tayvan boğazında müharibə baş verəcəyi təqdirdə Filippinin coğrafi mövqeyinə görə kənarda qala bilməyəcəyini, həmçinin Tayvanda yaşayan çoxsaylı filippinlilərin təxliyəsində iştirak etməli olacağını bildirmişdi.