Güclü zəlzələ ilə əlaqədar olaraq bütün qurumlar hərəkətə keçiblər - Ərdoğan

Türkiyədə baş verən güclü zəlzələ ilə əlaqədar olaraq bütün müvafiq qurumlar hərəkətə keçiblər.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X”dəki hesabında yazıb.
"Balıkesirdə baş verən zəlzələdə zərər çəkən bütün vətəndaşlarımıza keçmiş olsun. İlk andan etibarən bütün qurumlarımız hərəkətə keçib. Biz də işləri yaxından izləyirik. Allah ölkəmizi hər cür fəlakətdən qorusun", - Ərdoğan qeyd edib.
Daxili işlər naziri Ali Yerlikaya isə bildirib ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və digər aidiyyəti qurumların komandaları dərhal əraziyə göndərilib, araşdırmalara başlayıblar: “Hazırda mənfi vəziyyət qeydə alınmayıb. Prosesi anbaan izləyirik”.
Qeyd edək ki, Balıkesir vilayətində baş verən 6,1 maqnitudalı zəlzələ nəticəsində bir sıra binalar dağılıb. Təbiət hadisəsi Sındırğı rayonunda qeydə alınıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.
Yerli mətbuatın məlumatına görə, Manisa şəhərində də ard-arda iki dəfə zəlzələ olub. Təbiət hadisələri 4.6 və 4.3 maqnitudada qeydə alınıb.