Rusiya Ukraynada hansı bölgənin neçə faizini işğal edib?

ABŞ lideri Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən danışıqlar zamanı Ağ Evdəki Oval kabinetdə Ukraynanın böyük xəritəsi qoyulub.
Redaktor.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Xəritə danışıqlar masası ilə üzbəüz yerləşdirilib, Rusiyanın işğal etdiyi regionlar fərqli rənglə işarələnib.
Xəritədən görünür ki, Rusiya Ukraynanın hansı bölgələrində neçə faiz ərazini işğal edib:
Krım – 100%
Luqansk - 99%
Donetsk - 76%
Zaporojye - 73%
Xerson - 73%
Xarkov - 4%
Dnepropetrovsk - 1%
Nikolayev - 1%
Sumı - 1%
Ukraynanın ümumi ərazisi 603 min kv. km-dir, Rusiya bu ərazinin təxminən 114 min 500 kv. km-nə nəzarət edir. Bu isə Ukrayna ərazisinin 19 faizinin işğal altında olması deməkdir.
Rəsmi Moskva 1991-ci ildə SSRİ dağılandan sonra beynəlxalq səviyyədə Ukraynanın tərkib hissəsi kimi tanınan Krım, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərini Rusiya Federasiyasının subyektləri hesab edir. Kiyev isə işğalı heç vaxt tanımayacağını bildirir. Əksər ölkələr Ukraynanın mövqeyini dəstəkləyir. Krımı Rusiya ərazisi kimi tanıyan azsaylı ölkələr sırasında Suriya, Şimali Koreya və Nikaraqua var. BMT Baş Assambleyası 2014-cü ildə Krımın ilhaqını qanunsuz elan edən qətnamə qəbul edib.
Rusiya Krım yarımadasını 2014-cü ildə ələ keçirərək mübahisəli referendumdan sonra ilhaq edib. Sahəsi təxminən 27 min kv. km-dir.
ABŞ Prezidenti Donald Tramp avqustun 18-də Ağ Evdə Ukrayna lideri Volodimir Zelenski və Avropa İttifaqı nümayəndələri ilə keçirilən görüşün yekunlarını "Fox News" telekanalına şərh edərkən deyib ki, Krımın Ukraynaya qaytarılması artıq mümkün deyil. Onun sözlərinə görə, Zelenskinin güzəştlərə getməsi vacibdir.