Süni intellektin iş yerlərinə təsiri ilə bağlı yeni araşdırma

Massachusetts Texnologiya İnstitutunun (MIT) alimləri süni intellektin əmək bazarına təsirini araşdırıblar.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, 2023–2024-cü illərdə aparılan genişmiqyaslı tədqiqatda müxtəlif ölkələrdən on minlərlə şirkət və işçi iştirak edib.
Araşdırmanın nəticələrinə görə, süni intellekt bəzi sahələrdə iş yerlərinin azalmasına səbəb olsa da, paralel olaraq yeni peşələrin yaranmasına imkan yaradır. Xüsusilə də informasiya texnologiyaları, təhsil, tibbi diaqnostika və dizayn sahələrində süni intellektdən istifadə işlərin səmərəliliyini əhəmiyyətli dərəcədə artırıb.
Mütəxəssislər bildirirlər ki, yaxın 10 il ərzində ən çox dəyişiklik ofis işlərində, mühasibatlıqda və təkrarlanan tapşırıqların yerinə yetirildiyi sahələrdə müşahidə olunacaq. Bunun əksinə olaraq, yaradıcı düşüncə və insani ünsiyyət tələb edən peşələrdə süni intellekt daha çox köməkçi rolunda çıxış edəcək.
Alimlərin qənaətinə görə, süni intellekti düzgün idarə etmək və insan resurslarını yeni bacarıqlarla təmin etmək əmək bazarının gələcəyi üçün həlledici olacaq.
Nuriyyə NATİQQIZI