Trampın keçmiş müşavirinin evində axtarış aparılıb

Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları ABŞ Prezidenti Donald Trampın keçmiş müşaviri Con Boltonun evində axtarış aparıblar.
Redaktor.az-ın məlumatına görə, bu barədə ABŞ KİV-ləri prezident administrasiyasındakı mənbəyə istinadən xəbər verir.
"FTB agentləri cümə günü səhər saatlarında Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun Kolumbiya dairəsindəki evinə milli təhlükəsizliklə bağlı yüksək səviyyəli araşdırma çərçivəsində basqın ediblər", - o deyib.
Araşdırma FTB direktoru Keş Patelin göstərişi ilə aparılır. O, "X" sosial şəbəkəsindəki səhifəsində yazıb: "Heç kim qanundan üstün deyil".
Bununla belə, o, 2018-2019-cu illərdə Trampın milli təhlükəsizlik müşaviri olmuş Bolton haqqında araşdırma barədə heç nə bildirməyib.
Qeyd edək ki, Bolton əvvəllər 2020-ci ildə nəşr olunan "Hadisənin baş verdiyi otaq" kitabına məxfi məlumatlar daxil etməkdə ittiham olunub. Tramp dövlət sirri təşkil edən məlumatlar səbəbindən kitabın nəşrinin qarşısını almağa çalışıb və iddia edib ki, Bolton işə qəbul şərti kimi imzaladığı məxfilik sazişini pozub, lakin nəticədə prezidentin səyləri uğursuz olub.