Qazaxıstan BTC vasitəsilə neft nəqlini bərpa edə bilər

 13:56 27.08.2025     72

Qazaxıstan hakimiyyəti Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft nəqlinin bərpası üçün danışıqlar aparır.

Redaktor.az “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Qazaxıstanın energetika naziri Erlan Akkenjenov məlumat verib.

Onun sözlərinə görə, “KazMunayQaz” neft-qaz şirkəti bu marşrutla tədarükün mümkün qədər tez bərpası üçün danışıqlar aparır.

Nazir qeyd edib ki, bu kəmər böyük ötürmə qabiliyyətinə malikdir, ona görə də yükgöndərənlərin iqtisadi marağı varsa, tədarükü artırmaq imkanı var.

Bundan əvvəl “Vedomosti” qəzeti Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan marşrutundan neft tədarükünü müvəqqəti olaraq Xəzər Boru Kəməri Konsorsiumu boru kəmərinə yönləndirdiyi barədə məlumat yayıb.

Xatırladaq ki, cari ilin iyulunda BTC Co. şirkətinə Bakı-Tbilisi-Ceyhan (BTC) ilə nəql olunan xam neft yüklənmiş bəzi daşımalarda üzvi xloridlərlə bağlı potensial keyfiyyət məsələsi olduğu haqda məlumat daxil olub. BTC Co. dərhal boru kəməri boyunca yerləşən bütün obyektlərdə xam neftin keyfiyyətinin hərtərəfli qiymətləndirilməsi işlərini həyata keçirib.

Bu qiymətləndirmələrin nəticəsi göstərib ki, Ceyhan terminalınadək boru kəməri boyunca yerləşən bütün obyektlərdə xam neftin keyfiyyəti qəbul olunmuş spesifikasiyaya uyğundur. Əlavə olaraq, Ceyhan terminalındakı çənlərin içərisindəki xam neftin keyfiyyətinin qiymətləndirilməsi işləri də aparılıb. Nəticədə bəzi çənlərdə xam neftin tərkibində üzvi xloridlərin mövcudluğu müəyyən edilib. Dərhal müvafiq tədbirlər görülmüş və həmin çənlər təcrid edilib.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" blokunda hasil edilən neft və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.

BTC Co.-nun səhmdarları: bp (30.1%), SOCAR (32.97%), MOL (8.90%), TPAO (6.53%), Eni (5%), TotalEnergies (5%), ITOCHU (3.4%), ONGC Videsh (3.1%), ExxonMobil (2.5%) and INPEX (2.5%).

Vumart və Güvən reklamı Vumart Güvən