Macarıstan Ukrayna ordusunun komandirinə "Şengen" zonasına giriş qadağası tətbiq etdi

Macarıstan Ukrayna ordusunun “Drujba” boru xəttinə hücuma görə məsuliyyət daşıyan hərbi birləşməsinin komandirinə Macarıstana və ümumilikdə Şengen zonasına daxil olmağı qadağan edib.
Redaktor.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto özünün “X” hesabında məlumat verib.
“Ukraynanın hücumu Macarıstanın suverenliyinə edilmiş hücum idi. Bu bizim enerji təhlükəsizliyimizi təhlükəyə məruz qoyur və az qala bizi strateji ehtiyatlarımızdan istifadə etməyə vadar edir. Ukrayna yaxşı bilir ki, “Drujba” boru xətti Macarıstan və Slovakiyanın enerji təminatı üçün həyati əhəmiyyət daşıyır. Bu cür hücumlar Rusiyadan daha çox bizə ziyan vurur. Bizim enerji təhlükəsizliyimizə və suverenliyimizə hücum edən istənilən tərəf bu əməlin nəticələrinin intizarında olsun” Peter Siyarto xəbərdarlıq edib.
Qeyd edək ki, bundan əvvəl də Ukrayna ordusu “Drujba” boru xəttini hədəfə almışdı.