Ermənistan və ABŞ “Tramp yolu”nun açılış detallarını müzakirə edir
Ermənistan və ABŞ arasında ölkə ərazisindən keçəcək və Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizinin – “Tramp yolu”nun açılış detallarının müzakirəsinə başlanılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan TASS-a açıqlamasında məlumat verib.
“Amerika nümayəndə heyəti yaxın günlərdə Ermənistana səfər edib. Müzakirələrə start verilib və bu proses davam etdiriləcək”, – Paşinyan bildirib.
Xatırladaq ki, avqustun əvvəlində ABŞ Prezidenti Donald Tramp, Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycanın Prezidenti İlham Əliyev arasında Ağ Evdə görüş keçirilib. Söhbət zamanı Cənubi Qafqaz respublikaları arasında sülh prosesinin irəlilədilməsi məsələləri müzakirə olunub və bir sıra sənədlər imzalanıb.
Prezident Tramp çıxışında Azərbaycanın və Ermənistanın uzunmüddətli dostluq münasibətləri quracağına əminliyini ifadə edib. O, eyni zamanda Vaşinqtonun Bakıya qarşı hərbi əməkdaşlıq sahəsində mövcud məhdudiyyətləri aradan qaldırdığını açıqlayıb və Ermənistanla tranzit dəhlizinin inkişafında əməkdaşlıq edəcəyini bəyan edib.
Nuriyyə NATİQQIZI












