Yer kürəsində maqnit qasırğası üçüncü gündür davam edir
Yer kürəsində üç gündür davam edən maqnit qasırğası alimlərin diqqət mərkəzindədir.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyası açıqlayıb.
Məlumata görə, çərşənbə axşamı səhər başlayan qasırğa artıq 50 saatdan çoxdur fasilələrlə davam edir və orta ilə güclü səviyyə arasında (G1–G3) dəyişir.
Alimlərin bildirdiyinə görə, pozuntuların əsas səbəbi Günəş küləyinin normadan 2–3 dəfə yüksək sürətidir – saniyədə 700–800 km, bəzən isə 900 km-ə qədər yüksəlir. Bu vəziyyət, Günəşdəki yüksək aktivlik və iri koronal dəliyin təsiri ilə izah olunur.
Mütəxəssislər qeyd ediblər ki, hazırkı günəş alışmaları M-sinifindən yuxarı keçmir, bu isə daha təhlükəli X-sinif alışmalarından fərqli olaraq nisbətən təhlükəsiz sayılır. Proqnoza görə, əgər güclü günəş püskürmələri baş verməsə, 1–2 gün ərzində geomaqnit şəraitinin sabitləşməsi mümkündür.
Nuriyyə NATİQQIZI












