NATO Yunanıstandan Ukraynaya hərbi yardımı artırmağı tələb EDİR

 16:19 02.10.2025     191

NATO Yunanıstana Ukraynaya hərbi dəstəyi artırmaq üçün təzyiq göstərir. Alyans Afindən xüsusilə Fransa istehsalı olan Mirage döyüş təyyarələrini Kiyevə verməyi tələb edir.

Redaktor.az xəbər verir ki, bu barədə Yunanıstanın “Katimerini” qəzeti məlumat yayıb.

Məlumata görə, ABŞ, Fransa və NATO-nun şərq cinahına daxil olan ölkələr Yunanıstan Hərbi Hava Qüvvələrinin sərəncamında olan 24 ədəd Mirage 2000-5 təyyarəsindən bir neçəsinin üçüncü ölkələrə satılmasını, daha sonra isə onların Ukraynaya ötürülməsini istəyirlər.

Ehtimal olunan vasitəçi ölkələr arasında ABŞ, Almaniya, Çexiya və Estoniya göstərilir. Bildirilir ki, Yunanıstan bu məsələ ilə bağlı Fransa ilə də aktiv müzakirələr aparıb.

Qəzetin məlumatına görə, Afina gələcəkdə əlavə olaraq 6-12 Rafale təyyarəsi alacağı üçün Mirage 2000-5-lərin satışının bu alışın dəyərini azalda biləcəyi də gündəmə gətirilib.

Buna baxmayaraq, Yunanıstan hakimiyyəti NATO-nun tələbini mənfi qarşılayır. Afina yüksək texnologiyalı sistemlərin Rusiyaya qarşı istifadə olunmasını istəmir.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən