İŞİD-ə qarşı əməliyyat: 6 nəfər saxlanıldı
İstanbulda terror təşkilatı İŞİD-ə qarşı keçirilən xüsusi əməliyyat nəticəsində 6 şübhəli şəxs saxlanılıb.
Redaktor.az bu barədə Türkiyə KİV-ə istinadla xəbər verir.
İstanbul Cumhuriyyət Baş Prokurorluğunun koordinasiyası ilə aparılan araşdırmalar zamanı İŞİD silahlı terror təşkilatında məsul səviyyədə fəaliyyət göstərən, təşkilatın guya “miqrasiya və logistika komitəsi”nin üzvü olan bir nəfər və onunla əlaqəli daha 4 şübhəli müəyyən edilib.
Bundan əlavə, terror təşkilatı ilə əlaqəli olduqları və münaqişə bölgələri ilə əlaqədə olduqları barədə məlumatlar olan 6 “xarici terrorçu döyüşçü” haqqında da ölkə təhlükəsizliyi baxımından təhdid yaratdıqları əsas gətirilərək həbs qərarı çıxarılıb.
Ümumilikdə 10 şübhəliyə qarşı həyata keçirilən eyni vaxtlı əməliyyatlarda 6 nəfər saxlanılıb. Digər şübhəlilərin axtarışı və saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.
Nuriyyə NATİQQIZI













