İtaliyada tələbələr Meloni hökumətinə qarşı etiraz etdi
İtaliyada on minlərlə tələbə bir çox şəhərdə küçələrə çıxaraq Baş nazir Corciya Meloninin rəhbərlik etdiyi sağ koalisiya hökumətinin təhsil siyasətini və İsrailə dəstəyini etirazlarla qınayıb.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Aksiyalar paytaxt Roma başda olmaqla Milan, Turin, Neapol, Cenova və Bolonya kimi şəhərlərdə keçirilib. Lisey və universitet tələbələri “No Meloni Day” (“Meloniyə Yox Günü”) çağırışı ilə şəhər meydanlarında toplaşıblar.
Milanda keçirilən aksiyada təxminən 2 min nəfər iştirak edib. Şəhərin simvolu olan Duomo Katedrali yaxınlığından keçən yürüş zamanı etirazçılar hökumətin təhsil sahəsinə kifayət qədər vəsait ayırmamasını və 2026-ci il büdcəsində müdafiə xərclərinə daha çox pay verilməsini tənqid ediblər.
Tələbələr aksiyada Fələstin bayrağının rənglərində məşəllər yandırıb, “Məktəblər soyqırıma qarşıdır”, “Soyqırımı dayandırın” kimi şüarlar yazılmış plakatlar qaldıraraq həm İsraili, həm də Meloni hökumətinin bu ölkəyə verdiyi dəstəyi etirazla qarşılayıblar.
Nuriyyə NATİQQIZI













