Polşadan Ukraynaya gedən dəmir yolu xətti zədələndi - Təxribat versiyası istisna edilmir
Polşadan Ukraynaya gedən qatarların istifadə etdiyi dəmir yolu xəttinin bir hissəsi zədələnib.
Redaktor.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Task “X” hesabında bildirib.
Onun sözlərinə görə, zədələnmə Mazovets vilayətində - Ukrayna sərhədindəki Dorohusk stansiyasının dəmir yolu sahəsində qeydə alınıb.
Baş nazir bildirib ki, hadisə ilə bağlı təxribat ehtimalı araşdırılır.
“İstisna etmirik ki, burada sabotaj aktı ilə qarşı-qarşıyayıq. Hadisə zamanı xəsarət alan olmayıb. Əlaqədar xidmətlər lazım olan işi yerinə yetirir”, - Task vurğulayıb.
Hazırda əraziyə xilasedici qruplar və təmir briqadaları cəlb olunub, dəmir yolunun bərpası istiqamətində işlər davam etdirilir.













