Ağ Ev yaxınlığında hərbçilərə atəş açan Əfqanıstanlıdır

 10:23 28.11.2025     231

ABŞ-nin CBS News telekanalı Vaşinqtonda Ağ Ev yaxınlığında Milli Qvardiya patruluna hücumda şübhəli bilinən əfqan vətəndaşı Rəhmanullah Lakanvalın əvvəllər ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) nəzarəti altında fəaliyyət göstərən Əfqanıstan kəşfiyyat xüsusi təyinatlı qüvvələrində xidmət etdiyini bildirib.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, MKİ nümayəndəsi Lakanvalın Əfqanıstan müharibəsi zamanı ABŞ hökuməti, o cümlədən MKİ ilə əməkdaşlıq etdiyini təsdiqləyib.

CBS-nin başqa mənbələri qeyd edir ki, şübhəli şəxs Əfqanıstan milli silahlı qüvvələrinin keçmiş hərbçilərindən ibarət bir qrupun rəhbəri olub və həmin qrup birbaşa ABŞ və Böyük Britaniya hərbçiləri ilə işləyib. Keçmiş əfqan hərbçisi telekanala bildirib ki, Lakanval ölkənin cənubunda xüsusi təyinatlı bölməyə rəhbərlik edib və beynəlxalq qüvvələrlə sıx əməkdaşlıq göstərib.

Hüquq-mühafizə orqanlarındakı mənbələr isə araşdırmanın şübhəlinin paranoya və digər psixi sağlamlıq problemlərindən əziyyət çəkdiyi versiyası üzərində cəmləndiyini qeyd edir. O, 2021-ci ildə ABŞ-a gəldikdən sonra hakimiyyətin onu deportasiya etməyə çalışdığını düşünürdü.

Xatırladaq ki, 26 noyabrda Vaşinqtonda Ağ Evdən bir neçə kvartal məsafədə atışma baş verib, iki milli qvardiyaçı yaralanıb. Şübhəli şəxs yaralı vəziyyətdə saxlanılıb. Hadisədən sonra ABŞ prezidenti Donald Tramp çıxış edərək hücum edən şəxsin Əfqanıstandan gəldiyini bildirib və onu “çox sərt cəza” gözlədiyini vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən