Böyük Britaniya büdcə kəsiri səbəbindən səfirlik binalarını sata bilər - KİV
Böyük Britaniya hökuməti milyardlarla funt sterlinq həcmində büdcə kəsirini qarşılamaq üçün xaricdəki dövlət əmlakını, o cümlədən səfirlik binalarını satışa çıxarmağı planlaşdırır.
Redaktor.az xəbər verir ki, bu barədə Politico hökumət sənədlərinə istinadən xəbər yayıb.
Məlumata görə, Britaniyanın xaricdə ümumi dəyəri 2,5 milyard funt sterlinq (təxminən 3,3 milyard dollar) olan təxminən 6,5 min mülkiyyət obyekti mövcuddur. Rəsmi London bu əmlakların istifadəsini “rasionallaşdırmaq” və lazım olmadığı düşünülən obyektləri, o cümlədən səfirlik binaları və diplomatlar üçün yaşayış yerlərini satmaqla aktivlərini azad etməyi planlaşdırır. Bildirilir ki, həmin obyektlərin bir qismi artıq yararsız vəziyyətdədir.
Sənəddə vurğulanır ki, xüsusilə Nyu-York kimi bahalı ərazilərdə ciddi qənaət potensialı var. Məsələn, Britaniyanın bu şəhərdəki dövlət mülkiyyətinə 2019-cu ildə Brexit-dən sonra ABŞ-la ticarət sazişlərinin daha sürətli bağlanması məqsədilə diplomatlar üçün alınmış 12 milyon funt sterlinq dəyərində dəbdəbəli mənzil daxildir.
Sözügedən mənzil Birləşmiş Millətlər Meydanında binanın 38-ci mərtəbəsini tam əhatə edən yeddi otaqlı yaşayış sahəsidir. Mənzildə kitabxana, altı vanna otağı və ayrıca tualet mövcuddur
Nuriyyə NATİQQIZI













