Məşhur aktyor 58 yaşında vəfat ETDİ
Avstraliyalı aktyor Martin Qrelis 58 yaşında dünyasını dəyişib.
Redaktor.az xəbər verir ki, bu barədə Mirror nəşri aktyorun çalışdığı Sophie Jermyn Management istedad agentliyinə istinadən məlumat yayıb.
Agentliyin açıqlamasında bildirilib ki, Martin Qrelisin vəfatı komandada dərin kədər hissi doğurub: “Sevimli müştərimizin vəfatı xəbəri bizi çox sarsıtdı. Martin olduğu hər məkana işıq saçan parlaq bir qığılcım idi, istedadlı aktyor, xeyirxah insan və gözəl bir ruh sahibi”.
Martin Qrelis aktyorluq karyerasına 1999-cu ildə başlayıb. O, “Ulduz müharibələri” seriyasına həsr olunmuş fan-film “Qaranlıq xilasedilmə”də Bobba Fett obrazını canlandırıb. Daha sonra Avstraliya istehsalı olan “Böyük səma” dramında kiçik rolda çəkilib.
Aktyor daha çox elmi-fantastik döyüş filmi olan “Matrisa” da hərbi helikopter pilotu rolunu ifa etməsi ilə tanınıb. Filmdə baş rolu Kianu Rivz canlandırıb. Süjetə əsasən, onun qəhrəmanı Neo insanlığın ağıllı maşınların idarə etdiyi süni reallıqda yaşadığını kəşf edir və Morfeyus (Lorens Fişbern) və Triniti (Kerri-Ənn Moss) ilə birlikdə süni intellektə qarşı mübarizəyə qoşulur.
Nuriyyə NATİQQIZI













