Kremldə beynəlxalq münasibətlərə dair mühüm çıxış gözlənilir
Rusiya Prezidenti Vladimir Putin səfirlərlə görüş zamanı xarici siyasətə dair mühüm çıxış edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.
Peskovun sözlərinə görə, yanvarın 16-da Böyük Kreml Sarayının Aleksandrovski zalında etimadnamələrin təqdim olunması mərasimi keçiriləcək.
“Ənənəvi olduğu kimi, prezident ölkəyə yeni gəlmiş səfirlər qarşısında çıxış edəcək. Çıxış əsas xarici siyasət məsələlərinə həsr olunacaq”, — deyə Peskov bildirib.
Prezidentin mətbuat katibi əlavə edib ki, dövlət başçısı xarici ölkələrin nümayəndələri ilə münasibətləri qiymətləndirəcək və onların inkişaf perspektivlərinə toxunacaq. Peskov qarşıdakı tədbirin əhəmiyyətini də xüsusi vurğulayıb.
Mərasimdə Fransa, İtaliya, Avstriya, Çexiya, İsrail, İraq və digər ölkələrin səfirlərinin iştirakı nəzərdə tutulur.
Aytəkin TOFİQQIZI













