Zelenski danışıqların ABŞ-də davam edə biləcəyini istisna ETMƏDİ

 22:50 05.02.2026     391

Ukraynada münaqişənin nizamlanması ilə bağlı danışıqların növbəti raundları ABŞ-də keçirilə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram"da yayımlanan axşam müraciəti zamanı bildirib.

“Artıq deyilə biləcək məqam ondan ibarətdir ki, yaxın vaxtlarda növbəti görüşlər planlaşdırılır. Böyük ehtimalla Amerikada”, – deyə Zelenski qeyd edib. O, danışıqların hansı formatda keçiriləcəyini dəqiqləşdirməyib.

Zelenskinin sözlərinə görə, Ukrayna sülhə yaxınlaşdıran bütün işçi formatlara hazırdır. Bununla yanaşı, o vurğulayıb ki, münaqişə elə başa çatmalıdır ki, Rusiya bundan “mükafat qazanmamalıdır”.

Ukrayna lideri bu yanaşmanın “real təhlükəsizliyi bərpa edən və təmin edən” əsas prinsiplərdən biri olduğunu bildirib.

Qeyd edək ki, fevralın 4–5-də Abu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə üçtərəfli görüş keçirilib. Rusiya nümayəndə heyətinə ölkə Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov rəhbərlik edib.

Danışıqlarda ABŞ-ni prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff və Ağ Evin sahibinin kürəkəni, sahibkar Cared Kuşner təmsil edib. Ukrayna tərəfdən isə BƏƏ-yə Prezident Administrasiyasının rəhbəri Kirill Budanov, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və digər rəsmi şəxslər göndərilib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən