Aİ 20-ci sanksiya paketi ilə bağlı G7 ilə müzakirələr aparmaq niyyətindədir - Kallas
Avropa İttifaqı (Aİ) Rusiya əleyhinə 20-ci sanksiya paketi ilə bağlı “Böyük yeddilik” (G7) ölkələri ilə müzakirələr aparmağı planlaşdırır. Bu çərçivədə Avropa Komissiyasının təklif etdiyi, Rusiya neftinin dəniz yolu ilə daşınmasına tam qadağa tətbiq olunması məsələsi də gündəmdədir. Sözügedən qadağanın hazırda qüvvədə olan neftin qiymət tavanını əvəz etməsi nəzərdə tutulur.
Redaktor.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Aİ müdafiə nazirlərinin görüşünə qatılarkən jurnalistlərə açıqlamasında bildirib.
“20-ci paket üzrə geniş iş aparılır. Biz G7 tərəfdaşlarımızla, o cümlədən neftin dəniz yolu ilə daşınmasına qadağa məsələsi ilə bağlı müzakirələr aparmaq niyyətindəyik. Hələlik 20-ci paket barədə əlavə şərh verə bilmərəm”, – deyə o qeyd edib.
Xatırladaq ki, Avropa Komissiyası daha əvvəl 20-ci sanksiya paketinin 24 fevral tarixinədək qəbul edilməsinin planlaşdırıldığını açıqlamışdı.
Xədicə BAXIŞLI













