Rusiya Cenevrədə Donbasdan qoşunların çıxarılmasını müzakirə ETDİ
Cenevrədə keçirilən danışıqlarda Rusiya nümayəndə heyəti Donbasdan Ukrayna Silahlı Qüvvələrinin çıxarılması məsələsinə yenidən daha fəal şəkildə diqqət yetirməyə başlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Vladimir Medinskinin danışıqlar qrupunun rəhbəri kimi iştirak etməsi və xarici işlər nazirinin müavini Mixail Qaluzinin görüşlərdə yer alması nəticəsində Donbas ərazisindən Ukrayna hərbçilərinin çıxarılması məsələsinə xüsusi diqqət ayrılıb.
“Onlar bunu belə izah edirlər ki, Əbu-Dabidə əsas diqqət hərbi məsələlərə monitorinq prosedurlarına və atəşkəsə yönəlmişdi. Cenevrədə isə siyasi komponent ön plana çıxarılıb. Məhz buna görə Medinski və XİN nümayəndəsi danışıqlara qatılıb”, - deyə mənbə bildirib.
Onun qiymətləndirməsinə görə, bu vəziyyət ya “danışıqlar prosesini uzatmaq cəhdi”, ya da “Rusiyanın şərtlərinin ultimativ şəkildə irəli sürülməsi” kimi dəyərləndirilə bilər.
Cenevrədə Rusiya, Ukrayna və ABŞ arasında iki gün davam edən danışıqlar başa çatıb. Birinci gün müzakirələr altı saat davam etdiyi halda, ikinci gün təxminən iki saat çəkib. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski görüşləri “çətin, lakin işgüzar” adlandırıb, Ukrayna Prezidenti Volodimir Zelenski isə tərəflərin atəşkəsə nəzarət mexanizmi üzrə “demək olar ki, razılığa gəldiyini” bildirib.
Bununla yanaşı, bəzi KİV-lər danışıqların dalana dirəndiyini və Ukrayna nümayəndə heyəti daxilində fikir ayrılıqlarının yarandığını yazıb.
Xədicə BAXIŞLI













