Əyləncə parkı canlı atlardan ibarət karuselə görə tənqid OLUNDU
Çində əyləncə parkı canlı atlardan istifadə edilən karuselə görə tənqid hədəfinə çevrilib Çində fəaliyyət göstərən əyləncə parkı canlı atlardan ibarət karuselə görə ictimaiyyətin kəskin tənqidi ilə üzləşib.
Redaktor.az xəbər verir ki, bu barədə "South China Morning Post" rəşri məlumat yayıb.
Məlumata görə, attraksion Çinin Sian şəhərində yerləşir. Yayılan görüntülərdə altı atın bir-birindən təxminən bir metr məsafədə fırlanan metal konstruksiyaya bərkidildiyi görünür. Karuselin üzərində cüzi kölgə yaradan çətir quraşdırılıb və qurğu mərkəzi ox ətrafında yavaş sürətlə fırlanır. Attraksion “uğuru dəyişmək” və “sərvət gətirmək” vədləri ilə reklam olunur.
Karusel hər gün saat 10:00-dan 21:30-dək fəaliyyət göstərir. Park nümayəndəsinin sözlərinə görə, attraksion ziyarətçilər arasında populyardır və fırlanma sürəti aşağı səviyyədə saxlanılır. Bildirilib ki, ərazidə heyvanların vəziyyətinə və qurğunun iş prosesinə nəzarət edən personal da növbə çəkir.
Buna baxmayaraq, sosial şəbəkə istifadəçiləri və heyvan haqlarını müdafiə edənlər heyvanların rifahı və ziyarətçilərin təhlükəsizliyi ilə bağlı narahatlıqlarını ifadə etməyə davam edirlər. Bu isə layihə ətrafında ictimai müzakirələrin genişlənməsinə səbəb olub.
Nuriyyə NATİQQIZI












