"İranın Fars körfəzindəki ərəb dövlətlərinə qarşı heç bir düşmənçiliyi yoxdur" - Əraqçi
İran və Çin yüksək səviyyəli telefon danışığında regional vəziyyəti müzakirə edib.
Redaktor.az xəbər verir ki," Tasnim News Agency"nin məlumatına görə, Abbas Əraqçi Vanq Yi ilə telefon danışığı zamanı Tehranın Fars körfəzindəki ərəb ölkələrinə qarşı heç bir düşmənçilik bəsləmədiyini bildirib.
Telefon danışığı zamanı Vanq Yi ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları zamanı Əli Xameneiin ölümü ilə bağlı Çin hökuməti və xalqı adından başsağlığı verib. Əraqçi isə minnətdarlığını bildirərək regionda və İranda baş verən hadisələr barədə məlumat verib.
İran naziri bildirib ki, ABŞ və İsrailin hərbi hücumları beynəlxalq humanitar qanunları pozub və yüzlərlə günahsız vətəndaşın ölümünə səbəb olub. O, İran silahlı qüvvələrinin milli suverenliyi, ərazi bütövlüyünü və vətəndaşların təhlükəsizliyini qorumaq əzmini vurğulayıb.
Əraqçi həmçinin Minabdakı ibtidai məktəbdə 168 şagirdin, o cümlədən azyaşlı qızların öldürülməsi və xəstəxanalara edilən hücumlara diqqət çəkərək beynəlxalq ictimaiyyətin ABŞ və İsrailin hərbi təcavüzünü qəti şəkildə pisləmək məsuliyyətini vurğulayıb.
Xarici işlər naziri regional münasibətlərə toxunaraq bildirib ki, “İranın Fars körfəzi ölkələri ilə heç bir düşmənçiliyi yoxdur və onlarla mehriban qonşuluq əsasında münasibətləri davam etdirmək əzmindədir”. O əlavə edib ki, İranın bəzi Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına qarşı reaksiyası həmin ölkələrə hücum deyil, təcavüzün mənbəyinə qarşı qanuni müdafiədir.
Vanq Yi isə İranın suverenliyini və müstəqilliyini müdafiə etməsini dəstəklədiyini və ABŞ-İsrailin qanunsuz hərbi təcavüzünü pislədiyini bildirib. Tərəflər həmçinin müharibə dövründə konsulluq əməkdaşlığı ilə bağlı məsləhətləşmələr aparıblar.
Aminə ŞAHSUVARQIZI












