BMT İranın qızlar məktəbinə edilən hücumla bağlı qərəzsiz araşdırma aparılmasına ÇAĞIRDI
BMT İranın Minab şəhərində qızlar məktəbinə hücumla bağlı araşdırma aparılmasına çağırıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Məlumata görə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk “təcili, qərəzsiz və hərtərəfli araşdırma” aparılmasına çağırıb. BMT-nin İnsan Hüquqları üzrə Nümayəndəsi Ravina Şamdasani bildirib ki, Volker Türk İranda mülki əhaliyə və mülki infrastruktura qarşı hərbi əməliyyatların nəticələrindən “dərin şoka düşüb”.
Şamdasani əlavə edib ki, qızlar məktəbinə edilən hücumla bağlı araşdırmanın məsuliyyəti hücumu həyata keçirən qüvvələrin üzərinə düşür və bu qüvvələr tapıntılarını dərc etməli, qurbanların və sağ qalanların ailələri üçün məsuliyyət və kompensasiya təmin etməlidirlər.
ABŞ Mərkəzi Komandanlığının sözçüsü kapitan Tim Hokins bildirib ki, qızlar məktəbinə hücum barədə məlumatlardan xəbərdardır və rəsmilər bu məlumatları araşdırır. Martın 1-də isə İsrail hərbi sözçüsü əraziyə İsrail və ya ABŞ tərəfindən hər hansı bir hücumun edilmədiyini açıqlayıb.
İranın Xarici İşlər naziri Abbas Araqçi fevralın 28-də Minab şəhərindəki qızlar məktəbinə raket hücumu nəticəsində 168 uşağın öldüyünü bildirib.
Aminə ŞAHSUVARQIZI












