"Hər şeyə sabah və ya hətta bu gün son qoya bilərəm" - Tramp daha bir ölkəni HƏDƏLƏDİ

 12:39 04.03.2026     306

ABŞ və İspaniya arasında ticarət gərginliyi böyüyür.

Redaktor.az-ın BBC-yə istinadən məlumatına görə, ABŞ Prezidenti Donald Tramp İspaniyanın İrana qarşı əməliyyatlarda ABŞ-nin hərbi bazalarından istifadəsini qadağan etməsindən sonra İspaniya ilə ticarəti tamamilə kəsəcəyi ilə hədələyib.

Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada Tramp İspaniyanın “dəhşətli davrandığını” və “ticarəti tamamilə kəsəcəyini” bildirib. “Biz onunla heç bir əlaqəmiz olmasını istəmirik. Mən İspaniya ilə bağlı hər şeyə sabah və ya hətta bu gün son qoya bilərəm”, – deyə o əlavə edib.

Tramp və Maliyyə Naziri Skott Bessent ABŞ-nin İspaniyadan idxalı qadağan etmək üçün qanuni haqqının olduğunu israr ediblər. Prezident həmçinin İspaniya hökumətindən narazılığını bildirib ki, bir çox Avropa ölkələrindən fərqli olaraq, müdafiə xərclərini ÜDM-in 5%-inə qədər artırmaq tələbini yerinə yetirməyib. Daha əvvəl Tramp İspaniyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyi də təklif etmişdi.

İspaniya hökuməti cavab olaraq bildirib ki, ABŞ administrasiyası İspaniya ilə ticarət münasibətlərini yenidən nəzərdən keçirmək istəyirsə, özəl şirkətlərin muxtariyyətinə, beynəlxalq hüquqa və Aİ ilə ABŞ arasında ikitərəfli müqavilələrə hörmət etməlidir. Baş nazir Pedro Sançez isə ABŞ və İsrailin İrana hücumlarını beynəlxalq hüququ pozan “əsassız, təhlükəli hərbi müdaxilə” adlandırmışdı.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən