Paşinyan qardaşının xarici vətəndaşlığı ilə bağlı məlumatı təkzib ETMƏDİ
Ermənistanın Baş naziri Nikol Paşinyan yerli mediada qardaşı Armen Paşinyanın guya Rusiya vətəndaşı olması barədə yayılan məlumatları təkzib etməyib.
Redaktor.az xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.
Martın 5-də keçirilən brifinqdə Paşinyan bildirib ki, böyük qardaşı 1990-cı illərin ikinci yarısında “yüz minlərlə Ermənistan vətəndaşı kimi” doğma ölkəsini tərk edərək mühacirət edib.
Baş nazir jurnalistlərin Ermənistanın təhlükəsizlik orqanlarına qohumunun fəaliyyətinin araşdırılması ilə bağlı göstəriş verib-vermədiyi sualını isə cavablandırmayıb.
Paşinyan həmçinin Rusiyapərəst qüvvələrin parlament seçkilərində iştirak etmək üçün Rusiyadan Ermənistana kütləvi erməni axını təşkil etmək planları barədə yayılan məlumatlara da münasibət bildirib. Onun sözlərinə görə, belə bir hal baş versə belə, həmin insanların əksəriyyəti hökumətinə səs verəcək və bu, əhalinin axınını deyil, əksinə, ölkəyə qayıdışı təşviq edə bilər.
Aminə ŞAHSUVARQIZI













