ÜST İsrailin Livanda fosforlu sursat istifadə etməsi ilə bağlı məlumatları araşdıracaq
Ümumdünya Səhiyyə Təşkilatı İsrailin Livana hücumlarında fosforlu sursatlardan istifadə edilməsi barədə məlumatları araşdırır.
Redaktor.az xəbər verir ki, bu barədə ÜST-ün Livandakı nümayəndəsi Abdinasir Abubakar Cenevrədə keçirilən brifinqdə açıqlama verib.
“Biz bu məlumatları almışıq. Xəstəxanalarla əlaqə saxlamışıq. Hazırda keçmişdə fosfor və ya digər kimyəvi maddələrin istifadəsi ilə bağlı hər hansı xəsarət barədə məlumat almamışıq. Biz belə şəxsləri müəyyən etmək üçün vəziyyəti araşdırır və izləyirik”, – deyə Abubakar bildirib.
Xatırladaq ki, martın 6-da Livan silahlı qüvvələrindəki mənbə RİA Novosti-yə İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubundakı yaşayış məntəqələrinə endirilən zərbələrdə fosfor tərkibli mərmilərdən istifadə etdiyini bildirib.
Martın 9-da "Human Rights Watch" təşkilatı da İsrail ordusunun Livanın cənubunda fosfor mərmilərindən istifadə etdiyini təsdiqləyib.
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının başlamasından sonra Livanın Hizbullah hərəkatı İsrailə hücumlara başlayıb və İsrail cavab olaraq Livanda hərbi əməliyyatlar həyata keçirib. İsrailin hücumları nəticəsində ölənlərin sayı təxminən 400-ə çatıb.
Aminə ŞAHSUVARQIZI













