"Sülh danışıqları yalnız o halda mümkün ola bilər ki..." - AÇIQLAMA

 13:24 11.03.2026     328

Bildiyimiz kimi, ABŞ/İsrail-İran müharibəsi hələ də davam etməkdədir. Ötən gün açıqlama verən İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin yenidən ABŞ ilə danışıqlar aparılacağını istisna edib.

ABŞ Prezidenti Donald Tramp isə İranla danışıqların həm mümkün, həm də qeyri-mümkün olduğu barədə fərqli açıqlamalar verir.

Bəs müharibə tərəfləri danışıqlara gedə bilərmi?

Politoloq Elçin Xalidbəyli Redaktor.az-a açıqlamasında qeyd etdi ki, İran ətrafında yaranmış vəziyyətin yaxın vaxtlarda hansı istiqamətə yönələcəyi hələlik qeyri-müəyyəndir.

Siyasi şərhçinin sözlərinə görə, son açıqlamalar onu göstərir ki, qarşı duran tərəflər növbəti mərhələdə hansı addımları atacaqlarını hələlik tam müəyyən etməyiblər:

"ABŞ Prezidenti Donald Tramp özü bildirmişdi ki, savaş artıq bitmək üzrədir. Halbuki Tramp administrasiyasından verilən açıqlamalara görə, İran savaşı hələ bir müddət, bir neçə həftə davam edə bilər. Göründüyü kimi, ziddiyyətli yanaşmadır. Rəsmi Tehran İranın danışıqlar aparmağa ehtiyac duymadığını bəyan edib, hətta belə iddialar da var ki, İran uzunmüddətli müharibəyə hazırlaşır".

Elçin Xalidbəyli: Forum qlobal müstəvidə Azərbaycanın önəmli və açıq  mesajlarını əks etdirir – ÖZƏL

Müsahibimiz bildirdi ki, İsrail tərəfindən də savaşın tezliklə bitəcəyinə yönəlik elə bir ciddi mesajlar mövcud deyil, əksinə savaşın davam etmə ehtimalına eyham vurulur:

"Bütün bunları nəzərə aldıqda qarşı duran tərəflər arasında sülh danışıqları ehtimalı hələlik o qədər də inandırıcı görünmür. Sülh danışıqları yalnız o halda mümkün ola bilər ki, savaşan tərəflərdən biri hansısa səbəbdən geri çəkilmək məcburiyyətində qalsın. Hələlik isə savaşda israr edilir. ABŞ-nin İrandan tələbləri mövcuddur, İran isə həmin tələbləri yerinə yetirmək niyyətində olmadığını büruzə verir. Bütün bunları da nəzərə alanda belə qənaətə gəlmək olar ki, indiki mərhələdə hələlik anlaşma ehtimalı o qədər də inandırıcı görünmür".               

Aytəkin TOFİQQIZI                                                                                                                                                                                             

Vumart və Güvən reklamı Vumart Güvən