Yaponiya milli ehtiyatlardan neft çıxarmağa BAŞLAYACAQ
Yaponiya milli ehtiyatlarından neftin çıxarılmasına başlayacağını elan edib.
Redaktor.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Məlumata görə, qərarı ölkənin Baş naziri Sanae Takaiçi açıqlayıb. Bildirilib ki, milli ehtiyatlardan neftin çıxarılmasına martın 16-da başlanacaq.
Qərarın Yaxın Şərqdəki münaqişə fonunda neft qiymətlərinin artması ilə əlaqədar qəbul edildiyi qeyd olunub.
Həmçinin G7 ölkələrinin bazarlara təzyiqi azaltmaq üçün bütün zəruri tədbirləri görmək məqsədilə Beynəlxalq Enerji Agentliyi ilə işləməyə hazır olduqları bildirilib.
Daha əvvəl "The Wall Street Journal" qəzetinə danışan mənbələr Beynəlxalq Enerji Agentliyinin neft qiymətlərinin kəskin artımının qarşısını almaq üçün strateji ehtiyatlarından rekord həcmdə neft çıxarmağı təklif etdiyini bildiriblər. Agentliyə üzv ölkələrdə 1,2 milyard bareldən çox strateji neft ehtiyatı mövcuddur.
Aminə ŞAHSUVARQIZI













