"Macarıstanın mövqeyi aydın və dəyişməzdir" - Siyarto "Drujba"dan DANIŞDI
Macarıstan Ukraynaya maliyyə yardımının və Rusiyaya qarşı yeni sanksiyaların qəbulunu bloklamağa davam edəcəyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, Peter Siyarto Brüsseldə keçirilən Avropa İttifaqı Xarici İşlər Nazirləri Zirvə Toplantısında çıxışı zamanı deyib ki, Ukrayna Drujba neft kəməri vasitəsilə Rusiya neftinin tədarükünü bərpa etməyənə qədər Budapeşt bu məsələlərdə razılıq verməyəcək.
Nazirin sözlərinə görə, Macarıstanın mövqeyi aydın və dəyişməzdir.
O bildirib ki, Ukrayna siyasi səbəblərlə neft tədarükünü bərpa etmədiyi və Macarıstanda neft böhranı yaratmağa çalışdığı müddətdə Budapeşt Ukraynaya 90 milyard avroluq hərbi kreditə və digər maliyyə yardımlarına səs verməyəcək, həmçinin Rusiyaya qarşı 20-ci sanksiya paketinin qəbulunu dəstəkləməyəcək.
"Reuters" agentliyinin məlumatına görə, Siyarto həmçinin qeyd edib ki, Macarıstan neft tədarükündə yalnız Xorvatiyadan keçən bir boru kəmərindən asılı qalmaq istəmir.
Macarıstan və Slovakiya Ukraynanı siyasi səbəblərə görə Drujba kəməri vasitəsilə Rusiya neftinin tədarükünü bərpa etməməkdə ittiham edir. Ukrayna isə kəmərin Rusiyanın zərbələri nəticəsində zədələndiyini bildirir.
Aminə ŞAHSUVARQIZI













