Paşinyanın seçilmək şansları Köçəryanın şanslarından daha yüksəkdir - Azər Allahverənov

 16:26 17.03.2026     672

Xəbər verdiyimiz kimi, Xocalı qatili Robert Köçəryan Ermənistan müxalifətindəki Hayastan blokunun baş nazirliyə namizədi olub. 

Qeyd edək ki, Ermənistanda hakim partiyanın namizədi isə hazırkı baş nazir Nikol Paşinyandır. 

Bəs Ermənistanın keçmiş prezidenti R.Köçəryanın baş nazir postuna iddiası Azərbaycanda necə qarşılanır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Azər Allahverənov bildirdi ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək və burada iki düşərgə - Nikol Paşinyan tərəfdarları və ona qarşı olan qüvvələr faktiki olaraq çox fəal şəkildə seçki prosesinə qatılırlar:

"Paşinyanın tərəfdarları, xüsusilə də Vətəndaş Müqaviləsi Partiyasının çətiri altında birləşən siyasi qüvvələr hazırkı şəraitdə daha monolit görünürlər. Amma Paşinyan əleyhinə olan düşərgədə vahid mövqe hələ tam formalaşmayıb. Baxmayaraq ki, son ay ərzində Robert Köçəryan, Samvel Karapetyan və Qaqik Tsarukyan müəyyən mənada birləşərək, vahid mövqedən çıxış etmək və “Hayastan” bloku ilə seçkilərə qatılmaq niyyətlərini açıqlayıblar. Nəzərə alsaq ki, Samvel Karapetyan da, Qaqik Tsarukyan da böyük maliyyə imkanlarına malik şəxslərdir və eyni zamanda Rusiya tərəfindən fəal şəkildə dəstəklənirlər, Robert Köçəryan da Rusiya tərəfindən dəstəklənsə də, bununla yanaşı, müxalifət düşərgəsində, xüsusilə Qarabağ klanı arasında müəyyən nüfuza malik siyasi fiqurdur. O, uzun müddət siyasi səhnədən kənarda qaldıqdan sonra yenidən aktiv siyasətə qayıtmaq istəyir və bu prosesdə Karapetyanla Tsarukyanın ona maliyyə dəstəyi göstərərək qələbə şansını artırmaq niyyətində olduqları görünür".

Millət vəkilinin fikrincə, mübarizənin əsasən iki blok arasında gedəcəyi gözlənilir:

"Paşinyan tərəfdarları Vətəndaş Müqaviləsi çətiri altında, əleyhdar qüvvələr isə “Hayastan” bloku formatında seçkilərə qatılacaqlar. Hazırda müxalif düşərgədə tam yekdil mövqe yoxdur və kənar müdaxilələr də açıq şəkildə hiss olunur. Bu fonda Nikol Paşinyan Avropa İttifaqından ölkəni xarici təhdidlərdən və hibrid təsirlərdən qorumaq üçün dəstək istəyib. Məsələn, Moldovada bu tip müdaxilələrin qarşısının alınması istiqamətində Avropa İttifaqının fəaliyyəti seçki prosesinə ciddi təsir göstərmiş və nəticədə hakim qüvvələrin qələbəsi ilə yekunlaşmışdı. Ermənistanda da buna bənzər ssenarilərin mümkünlüyü müzakirə olunur. Digər tərəfdən, bəzi kənar qüvvələrin Paşinyan əleyhinə düşərgəni daha koordinasiyalı şəkildə birləşdirməyə çalışdığı da müşahidə edilir".

Müsahibimiz bildirdi ki, hazırkı vəziyyətə görə, Paşinyanın seçilmək şansları daha yüksək qiymətləndirilir:

"O, seçkilərə qədər bir sıra ciddi siyasi addımlar atmağa çalışır ki, əldə etdiyi nəticələri cəmiyyətə təqdim edə bilsin. Bu baş verərsə, Paşinyan əleyhinə olan və ölkəni yeni münaqişəyə sürükləməkdə ittiham edilən qüvvələrə qarşı ictimai etiraz dalğası da güclənə bilər. Bunun üçün Paşinyan siyasi müstəvidə daha ciddi və uğurlu addımlar atmalıdır ki, öz tərəfdarlarının parçalanması riski ilə üzləşməsin. Hazırkı mərhələdə vəziyyət ümumilikdə bu cür qiymətləndirilir. Yaxın ay yarım ərzində baş verəcək siyasi proseslər kənar müdaxilələrin real təsir səviyyəsini və seçkilərin nəticələrinə necə təsir göstərə biləcəyini daha aydın ortaya qoyacaq. Bu gün üçün isə mövcud mənzərə onu göstərir ki, Paşinyan seçkilərə daha monolit və daha inamlı şəkildə daxil olur. Onu dəstəkləyən bəzi xarici qüvvələrin və dövlət rəhbərlərinin müsbət mövqeyi də onun siyasi imkanlarını genişləndirir və mövqeyini daha da gücləndirir".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən